İcra başçısının müavini: "Heç kim evakuasiya edilməyib"

Masallı rayonunun Qodman, Əzizabad və Məmmədrzaküçə kəndlərinin ərazisində 77 evdə çökmə baş verdiyi, həmin evlərdən 35-nin tam qəzalı vəziyyətə olduğu və bir neçə ailənin evakuasiya olunduğu ilə bağlı məlumatlar yayılıb.


"Qaynarinfo" məsələ ilə bağlı Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlı ilə əlaqə saxlayıb. Başçı müavini bildirib ki, vəziyyət deyildiyi qədər təhlükəli deyil və heç kim evakuasiya olunmayıb: 

"2014-cü ildə 10-a yaxın evdə çatlar əmələ gəlmişdi ki, bunun da səbəbi Masallının bəzi kəndlərinin tektonik zonada yerləşməsidir. Biz həmin vaxt Ekologiya Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə və Nazirlər Kabinetinə müraciət etmişik. Nazirlər Kabinetinin bununla bağlı qərar qəbul etməsindən sonra çatların araşdırılması, həmçinin əraziyə nəzarətlə bağlı mütəxəssislər cəlb olunub. Haırda da onlar araşdırma aparır, çatların əmələ gəlməsinin səbəbləri araşdırılır. Müəyyənləşdirməyə çalışılır ki, bu yeraltı proseslərlə, yoxsa evlərin fiziki aşınması ilə bağlıdı. Araşdırma başa çatandan sonra səbəblər aydınlaşacaq. Orda uzun illər əvvəl inşa olunmuş evlər var ki, fiziki aşınmaya məruz qala bilər. İcra Hakimiyyəti tərəfindən heç kim evakuasiya olunmayıb. Bu barədə açıqlama verən bələdiyyə sədri də İcra Hakimiyyətinə gəlmişdi. Məsələ sadəcə bir az şişirdilib. Hazırda ciddi təhlükə yoxdu və mütəxəssislər araşdırmaları davam etdirir".

MilliYol.Az

İcra başçısının müavini: "Heç kim evakuasiya edilməyib" - Milliyol.az