İlham Əliyev 2 quruma 7 milyon manat ayırdı


Prezident İlham Əliyev 2 sərəncam imzalayıb. "Milli Yol" sərəncamları təqdim edir:


Azərbaycan Respublikasında özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, cəmiyyətin informasiya ehtiyacının ödənilməsi, əhalinin maarifləndirilməsi, ölkədə və beynəlxalq aləmdə Azərbaycan xalqının mədəni irsinin təbliği işində fəal iştirak edən özəl teleradio yayımçılarının maddi-texniki bazasını gücləndirmək məqsədilə qərara alıram: 

1. Azərbaycan Respublikasında özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 2 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

*  *  *

Bakı şəhəri Nizami rayonunun daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Nizami rayonunun daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

"Milli Yol"