Lapşinin işinə nöqtə qoyuldu: Azərbaycana təhvil verilir


Fevralın 7-də Belarus Ali Məhkəməsi bloqçu Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi haqda qərardan şikayətinə baxıb

Novator.az-ın məlumatına görə, şikayət təmin edilməyib, beləliklə, bloqçu ittiham olunmaq üçün Azərbaycana gətirilə bilər.

Azərbaycanın tələbi ilə Belarusda tutulan bloqçunun Azərbaycana təhvil verilməsi haqda qərarı yanvarın 20-də Belarus Bas Prokurorluğu çıxarıb. Yanvarın 26-da Minsk Şəhər Məhkəməsi Aleksandr Lapşinin həmin qərardan şikayətini təmin etmədiyi üçün bloqçu Ali Məhkəməyə üz tutmuşdu.

40 yaşlı Lapşin Rusiya və İsrail vətəndaşıdır. O, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib, özünə məxsus Puerrtto.livejournal.com portalında Dağlıq Qarabağı müstəqil dövlət kimi qələmə verib, həmçinin 6 aprel və 29 iyun 2016-cı il müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn çağırışlar edib.

Azərbaycanın Baş Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işinə başlayıb və Lapşin dövlətlərarası axtarışa verilib. Belarusun hüquq mühafizə orqanları Lapşini ötən ilin dekabrında saxlayıb.

MilliYol.Az

Lapşinin işinə nöqtə qoyuldu: Azərbaycana təhvil verilir - Milliyol.az