Məhkəmədə gizli çəkiliş edən "Aztelekom"un vəzifəli şəxsi həbs edildi

Tovuz şəhərində məhkəmədə qalmaqal yaradan vəzifəli qadın həbs edilib.

MilliYol.Az-ın məlumatına görə, həbs edilən Aybəniz Cavadova (soyad-şərti) Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan "Aztelekom" MMC-nin Telekommunukasiya Qovşağında debütor mühəndisidir.

Bu ilin 12 mart tarixində Tovuz Rayon Məhkəməsi Aybənizi nigah məsələsi ilə bağlı 200 manat cərimə edib. Bundan sonra o iş yerindən icazə alıb çıxaraq həmin məhkəmə iclasının videoçəkilişini götürmək üçün Tovuz Rayon Məhkəməsinə gedib.

Videoçəkilişin götürülməsinə icazə olmadığını öyrəndikdən sonra ərizə yazaraq sadəcə görüntüyə baxmaq istəyib.

O telefonunun üzərini kağızla örtərək videogörüntünün səslərini yazmağa başlayıb. Polis əməkdaşı ondan telefonunu istəyəndə bundan imtina edib. Bundan sonra polis əməkdaşları ilə Aybəniz arasında 5-10 dəqiqə mübahisə yaranıb.

Vəzifəli qadın saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib.

Məhkəmənin qərar ilə Aybəniz həmin maddələrin sanksiyası çərçivəsində 10 gün müddətində inzibati həbs edilib.

 

Məhkəmədə gizli çəkiliş edən "Aztelekom"un vəzifəli şəxsi həbs edildi - Milliyol.az