Dünyanın ən böyük 15-ci dondurma və sərinləşdirici qidalar ixracatçısı olan Türkiyə son 5 ildə xarici ölkələrə ixrac etdiyi dondurmadan 204 milyon dollar gəlir əldə edib. 2012-ci ilin yanvar ayından bu ilin iyun ayına qədər 68 ölkəyə 88 min 366 ton dondurma ixrac edib
Virtualaz.org "Yeni Şafak" nəşrinə istinadən xəbər verir ki, hesabat dövründə Türkiyədən Azərbaycana 5 mln. 59 min dollarlıq dondurma ixrac edilib ki, bu da Azərbaycanın Türkiyənin dondurma ixracatçıları üçün 6-cı ən iri bazar olduğunu göstərir.
Bu dövrdə ən çox dondurma İraqa ixrac edilib. Bu ölkəyə 5,5 ildə 48 milyon 29 min dollarlıq 18,5 min ton dondurma ixrac edilib. Kosova 16 milyon 596 min dollarlıq ixracla ikinci sırada yer alıb. Bundan sonra 12 milyon 792 min dollarla Albaniya, 9 milyon 359 min dollarla Şimali Kipr Türk Respublikası, 7 milyon 642 min dollarla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və 5 milyon 59 min dollarlıq ixracatla Azərbaycan gəlir.
Türk dondurma istehsalçılarının ixrac bazarları arasında ABŞ, Avstraliya, Braziliya, Çin, İndoneziya, Cənubi Afrika, Hindistan, Kanada, Pakistan, Seneqal və Çili kimi uzaq ölkələr də var.
MilliYol.Az
































