2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib.
MilliYol.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 790,8 min nəfər olub. Onlardan 836,8 min nəfəri dövlət, 954 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
İşçilərin 18,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 17,6 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat sahələrində çalışıb.
Muzdla çalışanların 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4 faizi peşə, elmi və texniki fəaliyyət, 2,5 faizi maliyyə və sığorta, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Ən yüksək orta aylıq nominal əməkhaqqı mədənçıxarma sənayesində qeydə alınıb – 4224,8 manat. Maliyyə və sığorta fəaliyyəti sahəsində bu göstərici 3026 manat, informasiya və rabitədə 2109,9 manat, peşə, elmi və texniki fəaliyyətdə isə 1915,3 manat olub.
Ən aşağı maaş qeydə alınan sahələr arasında ticarət və nəqliyyat vasitələrinin təmiri – 762 manat 90 qəpik, su təchizatı, tullantıların təmizlənməsi və emalı – 785 manat 60 qəpik, turistlərin yerləşdirilməsi və ictimai iaşə – 794 manat 10 qəpik də var.































