Badamdardakı sürüşmə genişləndi: Əhaliyə ərazini tərk etmələri tövsiyə olundu (YENİLƏNİB)

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsindəki sürüşmə səbəbindən əhaliyə ərazini müvəqqəti tərk etmələri tövsiyə olunub.

Bu barədə MilliYol.az-a Səbail İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, son günlər yağan intensiv yağışlar nəticəsində sözügedən ünvanda sürüşmə prosesi yenidən aktivləşmiş, ərazidə ciddi deformasiyalar və dağıntılar yaranıb:

"Prosesin daha geniş sahəni əhatə etməsi ehtimalı ərazidəki yaşayış evləri, digər tikililər və sakinlərin təhlükəsizliyi üçün risk yaradır. Yaranmış vəziyyətlə əlaqədar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanmışdır. Eyni zamanda, sakinlərə mövcud təhlükə barədə ətraflı məlumat verilmiş və təhlükəsizlik məqsədilə ərazini müvəqqəti tərk etmələri tövsiyə olunub".

13.28

Badamdardakı sürüşmə sahəsində çatlar genişlənib, aktivlik davam edir.

Bu barədə MilliYol.az-a Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən məlumat verilib.

Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahədə aparılan növbəti monitorinqlər zamanı əvvəl qeydə alınmış nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib.

Ərazidə vəziyyətin dinamikası izlənilir.