Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) tabeliyində olan tibb müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib.
HİT.az gencexeber.az-a istinadən xəbər verir ki, Akademik Zülfüqar Məmmədov adına xəstəxananın rəhbəri Turanə Rüstəmovanın əmək müqaviləsinə xitam verilib.
Bir müddət əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri tərəfindən Gəncədə bir sıra xəstəxana və poliklinikalarda yoxlamalar aparılıb. Rəhbərin vəzifədən azad edilməsinin həmin yoxlamalarla əlaqəli olduğu ehtimal edilir.
Qeyd edək ki, Turanə Rüstəmova ixtisasca reanimatoloq-anestezioloqdur. O, xəstəxananın rəhbəri vəzifəsinə təyin olunana qədər həmin tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsində çalışıb.
Bundan əlavə, bir müddət əvvəl Gəncədəki Abbas Səhhət adına xəstəxananın rəhbəri İlqar Əliyev, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının inzibati işlər üzrə direktor müavini Yalçın Babayev, eləcə də Zülfüqar Məmmədov adına xəstəxananın Endokrinologiya şöbəsinin müdiri Sevda Əsgərova da vəzifələrindən azad ediliblər.

































