“Əmək Pensiyaları” haqqında Qanuna edilən dəyişikliklərə əsasən, Azərbaycanda aylıq pensiya əlavəsinə keçilir. Yəni, bəzi vətəndaşlarımızın pensiyalarına aylıq sabit məbləğ əlavə olunacaq. Son günlər aylıq pensiya əlavəsinin kimlərə şamil olunması və necə hesablanacağı ilə bağlı xeyili müzakirələr aparılır. Qeyd edək ki, dəyişikliklər Milli Məclisdə qəbul edilib və Azərbaycan Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərə əsasən, aylıq pensiya əlavəsi əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş bir sıra əmək pensiyaçılarına təyin edilir".
MilliYol.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
Millət vəkili bildirib ki, sabit əlavələr azı 15 il qulluq stajı olan sabiq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentlərinə, Baş naziri və Baş 4 nazirinin müavinlərinə, Naxçıvan Muxtar Respublikasının Baş naziri və Baş nazirinin müavinlərinə, Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinlərinə, mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinlərinə, Muxtar Respublikanın mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinlərinə, yerli icra hakimiyyəti başçısına, Media və Yayım Şurasına, 2023-cü il dekabrın 27-dək mövcud olan Naxçıvan Televiziya və Radio Şurasının üzvlərinə, sabiq dövlət qulluqçularına, deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlara, Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq palata üzvlərinə, İnsan hüquqları üzrə müvəkkili və Naxçıvan İnsan hüquqları üzrə müvəkkili kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq ombudsman və 2026-cı il aprelin 10-dək mövcud olan Naxçıvan İnsan hüquqları üzrə müvəkkilinə, Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Mərkəzi Seçki Komissiyasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq üzvlərinə, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə və ümumilikdə azı 15 il qulluq stajı olan sabiq diplomatik xidmət əməkdaşlarına və Müdafiə Nazirliyinin hərbiçilərinə şamil olunur:
"Göründüyü kimi, siyahı kifayət qədər genişdir və pensiya yaşı tamam olan həmin vətəndaşlarımızın əmək pensiya təyinatları yeni qaydalar ilə aparılacaq Sabit pensiya əlavəsinin məbləğinə gəldikdə isə, bu şəxslərə aylıq pensiya əlavəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin ediləcək və dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Yəni, Qanuna edilən dəyişikliklər təsdiq olunan zaman Fərmanla aylıq pensiya məbləğini təyin edəcək qurum da müəyyənləşəcək".

































