Azərbaycanda uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin yarıdan çoxunun əsaslı təmirə ehtiyacı var. Kitabxana və klub müəssisələrinin texniki vəziyyətinə dair rəqəmlər də diqqət çəkir.
Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, 2025/2026-cı tədris ilinin əvvəlinə Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən 235 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbinin 137-nin əsaslı təmirə ehtiyacı olub. Bu, məktəblərin 58.3 faizi deməkdir.
Əvvəlki tədris ilində əsaslı təmirə ehtiyacı olan məktəblərin sayı 131, onların ümumi sayda payı isə 55.5 faiz təşkil edib. Beləliklə, bir ildə təmirə ehtiyacı olan məktəblərin sayı altı, payı isə 2.8 faiz bəndi artıb.
Əsaslı təmirə ehtiyacı olan məktəblərin 98-i şəhərlərdə, 39-u kəndlərdə yerləşir. Kəndlərdəki 66 məktəbin 39-nun təmirə ehtiyacı olması bu göstəricinin 59.1 faizə çatdığını göstərir.
Bundan əlavə, doqquz məktəb qəza vəziyyətində olub. Onların hamısı şəhərlərdə yerləşir. Qəza vəziyyətindəki məktəblərin sayı əvvəlki tədris ili ilə müqayisədə dəyişməyib.
Kitabxanalara dair məlumatlar isə 2025-ci ilin sonuna olan vəziyyəti əks etdirir. Mədəniyyət Nazirliyi sistemində ayrıca binalarda yerləşən 735 kütləvi kitabxananın əsaslı təmirə ehtiyacı olub, 70 kitabxana isə qəza vəziyyətində qeydə alınıb. Bu göstəricilər nazirlik sistemindəki kitabxanaların ümumi sayının müvafiq olaraq 25.5 və 2.4 faizini təşkil edib.
Təmirə ehtiyacı olan kitabxanaların 614-ü kəndlərdə, 121-i şəhərlərdə yerləşir. Qəza vəziyyətindəki 70 kitabxananın isə 58-i kəndlərdə, 12-si şəhərlərdədir.
2024-cü illə müqayisədə əsaslı təmirə ehtiyacı olan kitabxanaların sayı 733-dən 735-ə, qəza vəziyyətində olanların sayı isə 67-dən 70-ə yüksəlib.
Klub müəssisələrində də təmirə ehtiyac yüksək olaraq qalır. 2025-ci ilin sonuna Mədəniyyət Nazirliyi sistemində ayrıca binalarda yerləşən 962 klub müəssisəsinin əsaslı təmirə ehtiyacı olub. Bu, sistemdəki klub müəssisələrinin 44.4 faizi deməkdir. 99 klub müəssisəsi isə qəza vəziyyətində olub.
Əsaslı təmirə ehtiyacı olan klub müəssisələrinin 850-si kəndlərdə, 112-si şəhərlərdə yerləşir. Qəza vəziyyətindəki müəssisələrin də böyük hissəsi kəndlərin payına düşür: 99 müəssisədən 87-si kəndlərdə, 12-si şəhərlərdədir.
Kitabxanalardan fərqli olaraq, klub müəssisələri üzrə hər iki göstəricidə azalma qeydə alınıb. Əsaslı təmirə ehtiyacı olanların sayı 2024-cü ildəki 1 036-dan 962-yə, qəza vəziyyətində olanların sayı isə 104-dən 99-a düşüb.






























