Cəlilabad rayonunda məktəb direktoru vəzifəsində çalışan Ramin Şükürov (ad şərtidir) başqasına məxsus attestatı saxtalaşdıraraq 500 manata satmaqda təqsirli bilinib.
Tiraj.az xəbər verir ki, rayonun Mikayıllı kənd tam orta məktəbinin direktoru işləyən şəxs Boyxanlı kənd sakininin oğluna 11 illik tam orta təhsil haqqında attestat əldə etməkdə kömək edəcəyini bildirib. Bunun müqabilində həmin şəxsin atasından 500 manat alıb.
Direktorun rəhbərlik etdiyi məktəbdə dalandar işləyən şəxsə deyir atesstatını gətir mənə lazımdır. Dalandar atesstatı verdikdən sonra direoktor sənədin üzərində dəyişikliklər edir.
Belə ki, attestat sahibinin adı, soyadı və atasının adı, doğum tarixi, sənədin verilmə tarixi və təhsil müəssisəsini bitirdiyi il dəyişdirilib. Ekspertiza rəyi ilə sənəddəki bir sıra rəqəmlərin mexaniki üsulla pozularaq yeniləri ilə əvəzləndiyi təsdiqlənib.
Saxtalaşdırılmış attestat 2024-cü ilin dekabr ayının əvvəllərində zərərçəkmiş şəxsə təqdim edilib. Sənədi alan şəxs üzərində düzəlişlər olduğunu gördükdən sonra direktorla əlaqə saxlayaraq pulunu geri tələb edib və şikayət edəcəyini bildirib.
Zərərçəkmişin ifadəsinə görə, direktor aldığı 500 manatın 200 manatını sonradan geri qaytarıb, qalan 300 manatı isə ödəməyib. Bundan sonra o, hüquq-mühafizə orqanlarına müraciət edib.
İş üzrə şahid qismində dindirilən məktəb işçisi attestatını direktorun istəyi ilə məktəbdə saxlanılması üçün verdiyini bildirib. O, sonradan sənədi gördükdə üzərindəki məlumatların dəyişdirildiyini müəyyən edib. Ekspertiza da attestatdakı dəyişiklikləri təsdiqləyib.
Məktəb direktoru isə məhkəmədə özünü təqsirli bilməyib. O, attestatı satmadığını, sənədin onun xidməti otağında qaldığını, lakin necə götürüldüyündən xəbərsiz olduğunu deyib. Direktor zərərçəkmişə verdiyi 200 manatın attestatla əlaqəsi olmadığını, həmin məbləği şəxsi münasibətlərə görə qaytardığını iddia edib.
Cəlilabad Rayon Məhkəməsi toplanmış sübutları, zərərçəkmişin və şahidlərin ifadələrini, eləcə də ekspertiza rəylərini qiymətləndirərək məktəb direktorunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyi qənaətinə gəlib.
Həmin maddə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmağı və ya satmağı cinayət hesab edir.
Məhkəmənin 14 oktyabr 2026-cı il tarixli hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.1-ci maddəsi üzrə təqsirli bilinib. Ona aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzası təyin edilib.
Bundan əlavə, məhkəmə onun bir il müddətinə təhsil sahəsində dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməsinə qərar verib.
Ekspertiza xərclərinin də məhkumdan dövlət büdcəsinə tutulması hökmə daxil edilib. Hökmün qanuni qüvvəyə minməsindən əvvəl onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.






























