Nikah və boşanmaların ən çox olduğu rayonlar (SİYAHI)

Xəbər verdiyimiz kimi, Azərbaycanda qeydə alınan nikahların sayı boşanmaların sayını təxminən iki dəfə üstələyib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkə üzrə ümumilikdə 38 min 429 nikah və 19 min 388 boşanma qeydə alınıb.

Hər 1000 nəfərə düşən nikahların sayı 4,1, boşanmaların sayı isə 2,1 təşkil edib. Başqa sözlə, ölkə üzrə hər 100 nikaha təxminən 50,5 boşanma düşüb. Bu isə nikahların təxminən yarısı qədər boşanmanın qeydə alındığını göstərir.

Nikah və boşanma nisbətinə görə şəhər və rayonlar arasında ciddi fərqlər müşahidə olunur. Ən yüksək göstərici Xankəndi şəhərində qeydə alınıb. Burada hər 100 nikaha 300 boşanma düşüb. Xankəndidə hər 1000 nəfərə düşən nikahların sayı 0,9, boşanmaların sayı isə 2,7 olub. Beləliklə, boşanmaların sayı nikahların sayından üç dəfə çox olub.

Nikah və boşanma nisbətinin yüksək olduğu digər ərazilər Xocalı rayonu (89,7 faiz), Naftalan şəhəri (79,3 faiz), Nərimanov rayonu (72,7 faiz) və Xızı rayonudur (70,7 faiz).

Ən aşağı nikah-boşanma nisbəti isə Yardımlı rayonunda qeydə alınıb. Burada hər 100 nikaha cəmi 20,1 boşanma düşüb. Qobustan rayonunda bu göstərici 21,2 faiz, Cəlilabad rayonunda 25,8 faiz, Qəbələ rayonunda 29,7 faiz, Qazax rayonunda isə 30 faiz təşkil edib.

Hər 1000 nəfərə düşən nikahların sayına görə ən yüksək göstərici Xocavənd rayonunda qeydə alınıb. Burada göstərici 6,9 olub. Bu baxımdan Kəlbəcər rayonu 5,9, Xocalı rayonu isə 5,8 göstərici ilə seçilib. Ən aşağı nikah göstəricisi isə 2,3 ilə Abşeron rayonunda qeydə alınıb.

Boşanmaların hər 1000 nəfərə düşən sayına görə də Xocavənd rayonu ilk sıradadır. Bu rayonda göstərici 3,5 olub. Xankəndi şəhərində 2,7, Xocalı rayonunda isə 5,2 boşanma qeydə alınıb. Ən aşağı göstərici 0,9 olmaqla Yardımlı və Qobustan rayonlarında müşahidə edilib.

Nikahların mütləq sayına gəldikdə isə Bakı şəhəri 7 min 344 nikahla ilk sırada qərarlaşıb. Paytaxtda 4 min 358 boşanma qeydə alınıb. Xankəndindən sonra ən az nikah sayı isə Naftalan şəhərində (29 nikah), ən az boşanma sayı isə Ağdərə rayonunda (17 boşanma) qeydə alınıb.