Son vaxtlar bank kartlar ilə bağlı müxtəlif problemlər özünü göstərir.
Dələduzluq halları, yaxud mədaxil-məxariclə bağlı pul tutulması kimi problemlərdən sonra kartlardan istifadə zaman vətəndaşlar daha bir problemlə üzləşirlər. Belə ki, "Birbank" kartından istifadə zamanı sığorta haqqı adı ilə bağlı müəyyən vəsait çıxılır. Burada isə adətən "Kartın dələduzluğa qarşı sığortası" kimi məlumatla qarşılaşırlar. Dələduzluqla bağlı bank kartlarına məsuliyyəti bankın daşımasına gəldikdə isə "KapitalBank" bildirir ki, dələduzluq sığortası bank məhsulu yox, kart xidmətlərinə əlavə olunan sığorta məhsuludur.
Qeyd edək ki, istər bank, istərsə də sığorta şirkətlərinin problemi olmasına baxmayaraq, bank kartları ilə bağlı son vaxtlar özünü göstərən mənfi amillər var və bu faktlar bəzi vətəndaşların artıq kartlardan istifadəsyə marağını azaldır.
Bu istiqamətdə mövcud problemlər bank kartları istehlakının minimuma enməsinə gətirib çıxarmayacaqmı?
Məsələ ilə bağlı iqtisadçı-eskpert Əkrəm Həsənov "Cebheinfo.az"-a bildirib ki, bank kartları ilə bağlı dələduzluq iki cür ola bilər:
"Ola bilər ki, bankın öz sisteminə hakerlər daxil olub, vəsaiti çıxarır. Buna bank cavabdehdir. Bir də ola bilər ki, vətəndaşın özünü aldadıblar, kartın kodunu verib və o cür pulu əldə ediblər. Ancaq hər bir halda sığorta vətəndaşa məcburi satıla bilməz, könüllü olmalıdır.
Ümumilikdə kartlarla bağlı baş verən mənfi proseslərlə əlaqədar vətəndaşlar qorxmağa başlayırlar. Ancaq yenə də artıq öyrəşiblər. Ona görə də mən düşünmürəm ki, kartlardan istifadəyə maraq azalacaq. Sadəcə olaraq, kimə harda kart məhdudiyyətləri narahatlıq yaradacaqsa, onlar kartdan əlavə nağd şəkildə vəsaitdən istifadə edəcəklər. Ancaq bu, o demək deyil ki, bank kartlarına maraq azalacaq".































