Xalq artisti Zaur Rzayevin səhhətində, təəssüf ki, hələ də müsbət dəyişiklik yoxdur. Müğənni reanimasiyada müalicə alır və vəziyyəti ağır olaraq qalır.
Bu barədə Oxu.Az-a açıqlamasında sənətçinin oğlu Azər Rzayev danışıb.
O bildirib ki, ailə üzvləri hər gün Zaur Rzayevin yanında olur və onun sağalması üçün hər şeyi etməyə çalışırlar:
"Atamın səhhətində, təəssüf ki, hər hansı bir dəyişiklik yoxdur. Reanimasiyadadır, vəziyyəti ağır olaraq qalır. Çalışırıq, hər şey edirik ki, düzəlsin, amma hər şey Allahın əlindədir. Hər gün yanında oluruq. Yanına getməsək, çox narahat olar. Hərdən bizimlə danışır, amma vəziyyəti stabil olmadığı üçün qəfil ağırlaşma olur.
Biz istəyərdik ki, evdə olsun, amma evdə olmaq da onun üçün riskli və təhlükəlidir. Çünki həkim nəzarətində olmalıdır", - deyə A.Rzayev bildirib.
Xatırladaq ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları təyin edilib.































