Havaların isti keçməsi kənd təsərrüfatına necə təsir edir?

Son günlər Azərbaycanda havanın temperaturu mövsümi normalardan yüksək olur. Bu hava şəraitinin təsir göstərdiyi əsas sahələrdən biri isə kənd təsərrüfatıdır.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev İqtisadiyyat.az-a açıqlamasında havaların isti keçməsinin kənd təsərrüfatı sahəsinə təsirləri ilə bağlı fikirlərini bölüşüb.

Komitə sədri bildirib ki, hazırda havaların isti və quru keçməsi pambıq yığımı üçün əsl əlverişli vaxtdır: "İndi pambıq yığımının əsl vaxtıdır, həm də nəzərə almaq lazımdır ki, pambıq yığımı maşınla həyata keçirilir. Səmərəli yığım üçün havaların isti keçməsi, pambığın açılması, quru qalması və maşınların yaxşı işləməsi vacibdir. Hazırda kəndlilər də məhz belə isti havaların olmasını arzulayırlar".

T.Rzayevin sözlərinə görə, əlverişli hava şəraiti həm də taxıl səpininə müsbət təsir göstərir: "Digər tərəfdən, artıq indi taxıl səpini də başlamalıdır. Belə isti və mülayim hava toxumun tez və yaxşı cücərməsi, həmçinin normal məhsul alınması üçün çox əlverişlidir".

Komitə sədri qeyd edib ki, erkən soyuq havalar heyvandaralığa ziyan vura, malların çölə çıxarılmasını və otlaqların vəziyyətini çətinləşdirə bilər: "Əvvəlki yağışlar çöldə müəyyən qədər cücərti və yem yaradıb, qoyun-quzu da ondan istifadə edəcək. Ancaq havaların küləkli olması kənd təsərrüfatına ziyan vurur – yığımı ləngidir, insanların və maşınların normal işləməsinə maneələr yaradır, pambığın tökülməsinə səbəb ola bilər".

O əlavə edib ki, əsas məqsəd noyabrın 15-20-nə qədər günəşli günlərin davam etməsidir: "Biz havaların məhz noyabrın 15-20-nə kimi günəşli olmasını arzulayırıq ki, məhsulu tam yığıb təhvil verək. Çünki artıq meyvə yığımı da başlayıb. Uzunmüddətli yağışlar meyvəçiliyə də ciddi ziyan vura bilər".