Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizatı və soyutma sistemlərinin enerji səmərəliliyini artırmaq üçün adekvat izolyasiya tələb olunur. 2060-cı ilə qədər bütün mövcud və yeni binaların optimal izolyasiyaya malik olması gözlənilir. Buna qabaqcıl istilik izolyasiyası və ikiqat şüşəli pəncərələr kimi yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması ilə nail olunacaq.
Həmçinin Azərbaycanda bütün binaların 2060-cı ilə qədər bərpaolunan enerji ilə işləyən elektrikli hava-su tipli istilik nasosları ilə təchiz edilməsi gözlənilir.
Sözügedən binaların yenilənməsi nə qədər uyğundur? Həmçinin bu, qiymət məsələsinə necə təsir edə bilər?
Mövzu ilə bağlı Oxu.Az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, Sovet dövründən qalan binaların dekarbonizasiyası məqsədilə alternativ enerji ilə təmin olunması və izolyasiya sistemlərinin qurulması onların ekoloji təhlükəsizliyi baxımından müasir standartlara cavab verməsi üçün yeni mərhələdir.
Onun sözlərinə görə, bu binaların əksəriyyəti məhz istismar müddətini bitirib və onların konstruktiv elementləri artıq ömrünü başa vurub:
"Daha yaxşı variant isə həmin binaların yenilənməsi olar. Yəni bu, mənzil fondunun yenilənməsi deməkdir. Müvəqqəti dövr üçün ekoloji təmizliyin qorunması məqsədilə bu prosesin həyata keçirilməsi məqsədəuyğun ola bilər. Lakin bunun həyata keçirilməsi həmin binaların yenidən pasport alması, yeni tikililərlə bərabər tutulması demək deyil. Çünki tikinti materiallarının hər biri bu prosesində onlardan istifadə olunur, müəyyən dövrdən sonra öz keyfiyyətini itirir. Bu baxımdan həmin binaların izolyasiya sistemi qurulsa da, isitmə və soyutma sistemində alternativ, bərpa olunan enerji mənbələrindən istifadə edilsə də, bu, müasir standartlara cavab verməsi deyil. Köhnə binaların mövcud durumu monitorinq edilsə və hazırda müasir şəhərsalma prinsiplərinə hansı səviyyədə cavab verdikləri müəyyən olunsa, bundan sonra müvafiq qərarların qəbul edilməsi daha məqsədəuyğun olar. Təbii ki, bu, büdcə imkanları və şəhərsalma prinsipləri nəzərə alınmaqla və "Bakı şəhəri Baş plan 2040" layihəsinə uyğun şəkildə həyata keçirilməlidir".
Ekspert xatırladıb ki, bir çox Avropa dövlətlərində də köhnə binaların yenidən rekonstruksiya edilməsi təcrübəsi mövcuddur:
"Təbii ki, bu təcrübənin ölkəmizdə də tətbiqi, təqdirəlayiqdir. Daha məqsədəuyğun isə yeni tikililərdə bu şəhərsalma prinsiplərinin tətbiq edilməsidir. Bu, daha uğurlu nəticələr verə bilər. Daşınmaz əmlak bazarında qeyd olunan dəyişikliklər həyata keçiriləndən sonra həmin binalardakı mənzillərin qiymətində də dəyişiklik olacaq. Düzdür, bu mənzillər yeni tikililərdəki mənzillərlə eyni qiymətə olmayacaq. Amma bu yeniliklərin tətbiq olunmadığı köhnə binalardakı mənzillərlə müqayisədə daha yüksək qiymətə satılacaq. Hazırda köhnə tikililərlə yeni tikililər arasındakı qiymət fərqi, ümumilikdə, yerləşdiyi ərazidən asılı olaraq 25-50% arasındadır. Köhnə binalara yenidən vəsait qoyulması, onların üzlüklərinin dəyişdirilməsi, izolyasiya sistemlərinin qurulması, bərpa olunan enerjidən istifadə olunması və digər rekonstruksiya işləri mənzillərin qiymətinə müsbət təsir göstərəcək. Beləliklə, yenilənmiş köhnə binalardakı mənzillərin qiyməti hazırkı köhnə tikililərdən yüksək, yeni tikililərdən isə aşağı olacaq və bazarda orta qiymət səviyyəsində formalaşacaq".






























