Bu ilin ilk 8 ayında Azərbaycandan xarici ölkələrə 980 kiloqram nərə balığının kürüsü ixrac edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan kürünün ümumi gömrük dəyəri 1 milyon 3,1 min dollar olub.
Beləliklə, bir kiloqram nərə balığı kürüsünün orta gömrük dəyəri 1 023,6 dollar (1 740 manat) təşkil edib.
Qeyd edək ki, nərə balığının kürüsü ən çox Rusiyaya və Birləşmiş Ərəb Əmirliklərinə satılıb. Rusiyaya bir kiloqramı orta hesabla 1 516 manatdan 230 kiloqram, Birləşmiş Ərəb Əmirliklərinə isə 1 721 manatdan 170 kiloqram kürü göndərilib. İxracın həcminə görə üçüncü yerdə ABŞ qərarlaşıb. Bu ölkəyə bir kiloqramı orta hesabla 1 167 manatdan 170 kiloqram kürü ixrac edilib.
Nərə balığının kürüsü ən baha qiymətə Yaponiyaya satılıb. Bu ölkəyə göndərilən kürünün bir kiloqramının orta gömrük dəyəri 2 904 manat olub. Ən aşağı orta gömrük dəyəri isə Kanadaya ixrac edilən kürüdə qeydə alınıb. Bu ölkəyə göndərilən kürünün bir kiloqramı 680 manata başa gəlib.
Azərbaycandan nərə balığının kürüsü ixrac edilən ölkələr və bir kiloqramın orta gömrük dəyəri aşağıdakı kimi olub:
Rusiya – 230 kiloqram (1 515,7 manat);
Birləşmiş Ərəb Əmirlikləri – 170 kiloqram (1 720,7 manat);
ABŞ – 170 kiloqram (1 166,8 manat);
Qətər – 100 kiloqram (2 040 manat);
Niderland – 50 kiloqram (1 611,9 manat);
Yaponiya – 40 kiloqram (2 904 manat);
Avstraliya – 40 kiloqram (2 422,5 manat);
Gürcüstan – 40 kiloqram (1 451,8 manat);
Kanada – 30 kiloqram (680 manat);
Səudiyyə Ərəbistanı – 20 kiloqram (2 210 manat);
Sinqapur – 20 kiloqram (2 200,7 manat);
İtaliya – 10 kiloqram (1 642,2 manat);
Ölkə təyin olunmayıb – 60 kiloqram (3 084,1 manat).






























