2027-ci ildə Azərbaycanda dəfn, doğum və uşağa qulluğa görə ödənilən müavinətlərin artırılması nəzərdə tutulur. Bu dəyişikliklər gələn ilin dövlət büdcəsi layihəsində əksini tapıb.
MilliYol.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 4-də keçirilən iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, pensiyaçılar üçün dəfn pulunun orta məbləği 946 manatdan 1200 manata qaldırılacaq.
Sığortaolunan şəxslər üçün dəfn müavinətinin orta məbləğinin isə 590 manatdan 700 manata çatdırılması proqnozlaşdırılır.
Bundan başqa, uşağın anadan olmasına görə birdəfəlik müavinətin 600 manatdan 1500 manata yüksəldilməsi təklif olunur. Beləliklə, bu ödəniş 900 manat artırılacaq.
































