Bakıda restoran seçiminə görə qadına xəsarət yetirən Elvin barəsində məhkəmə hökmü çıxarılıb.
Qaynarinfo-nun məlumatına görə, 1989-cu il təvəllüdlü Gədəbəy sakini Elvin iki mobil telefonu birləşdirərək qadının sol göz və qaş nahiyəsinə zərbə endirib.
Hadisə bu il fevralın 27-dən 28-nə keçən gecə baş verib. Məhkəmə materiallarına görə, Elvin həmin gecə dostları ilə birlikdə Səbail rayonu, dənizkənarı bulvarda yerləşən “Yaban 61” restoranında olub. O, qonşu masada əyləşən Nərgiz adlı qadınla tanış olub. Bir müddət söhbət etdikdən sonra qadın və rəfiqəsi Lamiyə ilə birlikdə başqa məkanda vaxt keçirməyi təklif edib.
Elvin qadınların oturduğu masanın hesabını ödəyib. Daha sonra dayısının oğlu kimi təqdim etdiyi Tural və iki qadınla birlikdə ayıq sürücünün idarə etdiyi avtomobillə Nizami rayonuna yollanıblar.
Onlar əvvəlcə “Cənnət Baku” restoranının qarşısında dayanaraq içəri daxil olublar. Lakin Nərgiz və Lamiyə məkanı bəyənməyərək orada oturmaq istəmədiklərini bildiriblər. Bu zaman Elvin əvvəlcə Lamiyəni, daha sonra Nərgizi qolundan tutaraq zorla restoranın zalına aparmağa çalışıb. Nərgiz onun əlindən çıxaraq pilləkənlərlə aşağı düşüb və rəfiqəsi ilə birlikdə restorandan çıxıb.
Qadınların ifadəsinə görə, Elvin Tural ilə birlikdə onların arxasınca restoranın qarşısına gəlib. Daha sonra avtomobilə əyləşərək ayıq sürücü ilə bir qədər uzaqlaşsa da, təxminən 8-10 metr getdikdən sonra geri qayıdıb.
Nərgiz məhkəmədə nə danışıb?
Zərərçəkmiş Nərgiz məhkəmədə bildirib ki, Elvin geri qayıdandan sonra “Yaban 61” restoranında onların hesabını ödədiyini deyərək pulunu tələb edib. O isə hesabın onların xəbəri və razılığı olmadan ödənildiyini, buna görə də pulu qaytarmaq niyyətində olmadıqlarını bildirib.
Bundan sonra Elvin əvvəlcə Lamiyənin əlindəki telefonu alaraq yerə çırpacağı ilə hədələyib. Nərgiz polis çağıracağını deyəndə onun da əlindən mobil telefonunu götürüb. Hər iki qadının telefonunu sındıracağı ilə hədələyən Elvin daha sonra Nərgizə yaxınlaşıb.
Zərərçəkmişin sözlərinə görə, o, restoranın qarşısında dayanan taksi sürücüsündən polisə məlumat verməsini xahiş edib. Elvin isə qadınların telefonlarını bir-birinin üzərinə qoyaraq bir əlində birləşdirib və həmin telefonlarla Nərgizin sol göz və qaş nahiyəsinə bir dəfə zərbə vurub. Zərbədən sonra qadının qaşı yarılıb və qan axmağa başlayıb.
Nərgiz bildirib ki, Elvin telefonları Turalın yanında qoyaraq avtomobillə ərazidən uzaqlaşıb. Bundan sonra Tural telefonları qadınlara qaytarıb. Zərərçəkmiş 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verib, daha sonra rəfiqəsi ilə birlikdə 24-cü Polis Şöbəsinə gedərək izahat verib.
Hadisədən sonra Nərgizin sol gözündə ciddi zədələnmə yaranıb. Onun sözlərinə görə, hadisədən əvvəl görmə itiliyi 60 faiz olduğu halda, zərbədən sonra 20 faizə düşüb, sonrakı müayinədə isə 10 faiz müəyyən edilib. Məhkəmə-tibbi ekspertizası da sol gözün zədələnməsini, görmə itiliyinin 0,6-dan 0,1-ə enməsini və digər xəsarətləri təsdiqləyib.
Elvin hadisəni necə izah edib?
Elvin məhkəmədə özünü qismən təqsirli bilib. O, Nərgizin telefonunun avtomobildə şarjda qaldığını gördüyü üçün geri qayıtdığını deyib. İddiasına görə, telefonu qadına qaytarmaq istəyərkən Nərgiz onu təhqir edib. Bundan sonra əlindəki telefonla qadının başına itələyici hərəkət etdiyini bildirib.
Elvin Lamiyə ilə mübahisəsinin olmadığını, qadınların telefonlarını əllərindən almadığını və söyüş söymədiyini iddia edib. O, zərərçəkmişə dəymiş ziyanı ödədiyini və onunla barışdığını da söyləyib.
Məhkəməyə təqdim edilən ərizədə Nərgiz Elvinlə barışdığını, ona dəymiş ziyana görə 6 min manat aldığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmə Elvini Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilib. Ona sağlamlığa qəsdən az ağır zərər vurma cinayətinə görə 1 il, xuliqanlıq əməlinə görə isə 2 il həbs cəzası təyin edilib. Cəzalar qismən toplanaraq qəti cəza 2 il 6 ay müəyyənləşdirilib.
Lakin məhkəmə Elvinin ilk dəfə cinayət törətməsini, zərərçəkmişə 6 min manat ödəməsini, qadının şikayətinin olmamasını və himayəsində üç azyaşlı uşağın olmasını nəzərə alıb. Nəticədə həbs cəzası şərti tətbiq edilib və onun barəsində 2 il sınaq müddəti müəyyənləşdirilib. Elvinin ev dustaqlığı qətimkan tədbiri də başqa yerə getməmək barədə iltizamla əvəz edilib.

































