Norveç millisinin sabiq qapıçısı Erik Torstvedt “Sabah”ın oyun üslubunu yüksək qiymətləndirib.
MilliYol.az xəbər verir ki, 1994-cü ildə dünya çempionatında Norveç yığmasının heyətində çıxış etmiş, karyerası ərzində “Vikinq” və İngiltərənin “Tottenhem” klublarının formasını geyinmiş veteran qapıçı AZƏRTAC-a eksklüziv müsahibəsində Bakı təmsilçisi barədə fikirlərini bölüşüb.
O, “Sabah”ın bir sıra oyunlarını izlədiyini və komandanın çıxışının onda müsbət təəssürat yaratdığını bildirib. Torstvedtin sözlərinə görə, Azərbaycan klubu topu irəli daşımaq baxımından Norveçin “Budyo-Qlimt” komandasını xatırladır. O, “Sabah”ın aydın futbol fəlsəfəsinə malik olduğunu və rəqibindən asılı olmayaraq öz oyun üslubunu qoruduğunu vurğulayıb.
Bununla yanaşı, veteran futbolçu Bakı klubunun bəzi çatışmazlıqlarına da diqqət çəkib. Onun fikrincə, komanda rəqibin cərimə meydançası yaxınlığında hücumları tamamlamaqda çətinlik çəkir və müdafiədə rəqiblərinə kifayət qədər qol imkanı yaradır. Buna baxmayaraq, Torstvedt “Sabah”ın oyunlarını izləməkdən zövq aldığını xüsusi qeyd edib.
“Vikinq”in üstünlüklərindən danışan sabiq qapıçı Stavanger təmsilçisinin doğma meydanda nadir hallarda məğlub olduğunu bildirib. O, süni örtüklü meydanın da Norveç klubuna əlavə üstünlük qazandıra biləcəyini düşünür.
Torstvedt qarşılaşmada azarkeşlər üçün möhtəşəm atmosferin olacağını, qonaq komandanın tərəfdarlarının da Norveçdə xoş qarşılanacağını söyləyib.
O, iki komandanın duelində “Vikinq”i favorit hesab etsə də, “Sabah”ın yaxşı təşkilatlanmış kollektiv olduğunu və fərdi keyfiyyətləri ilə seçilən futbolçulara malik olduğunu vurğulayıb.
Veteran qapıçı qarşılaşmanın nəticəsi ilə bağlı da proqnoz verib. Onun fikrincə, Norveç klubu 2:1 hesabı ilə qalib gələcək və Stavanger şəhərində əlamətdar futbol gecəsi yaşanacaq.
































