Bakı ilə İrəvan arasında yeni əməkdaşlıq istiqaməti – Paşinyan açıqladı

"Azərbaycan və Ermənistan sərhədyanı çayların birgə istifadəsi məsələsində əməkdaşlıq edəcək, bu istiqamətdə işçi qrupları formalaşdırılır".

MilliYol.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə hökumət saatı çərçivəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sülh gündəliyi çərçivəsində iki ölkənin ərazisindən keçən və ya hər iki ölkənin ərazisindən axan sərhədyanı çayların idarə olunması üzrə birgə fəaliyyət zəruridir. Bu əməkdaşlıq ümumi ekoloji standartlara riayət edilməsini tələb edir.

Paşinyan Ermənistanın İran və Türkiyə ilə su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq təcrübəsini nümunə göstərib.

Qeyd edək ki, noyabrın 12-də Dublində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra yayılan rəsmi məlumatda tərəflərin sərhədyanı çayların idarə olunması üzrə işçi qruplarının yaradılmasını alqışladığı bildirilib.

Paşinyan TRIPP layihəsi çərçivəsində tikiləcək dəmir yolunun Azərbaycan dəmir yolu şəbəkəsinə birləşdirilməsinin texniki parametrlərin Bakı ilə razılaşdırılmasını zəruri etdiyini bildirib. O, bu barədə Ermənistan parlamentində hökumət saatı çərçivəsində deputat Marianna Qahramanyanın sualını cavablandırarkən danışıb.

Baş nazir bildirib ki, Ermənistan ərazisində inşa ediləcək dəmir yolu Azərbaycan dəmir yolu ilə birləşdirilməlidir və buna görə də layihənin texniki məsələləri iki ölkə arasında razılaşdırılmalıdır.

“Bir incə məqam var: başa düşürsünüzmü, dəmir yolu gedir və başqa bir dəmir yoluna birləşməlidir”, deyə Paşinyan bildirib.

O əlavə edib ki, məhz bu məsələlərin müzakirəsi üçün üçtərəfli işçi qup yaradılıb.

“Biz hesab edirik ki, bizim dəmir yolumuz Azərbaycanın dəmir yoluna birləşməlidir və bu məsələlər, texniki parametrlər, bəli, fəal şəkildə razılaşdırılmalıdır. Üçtərəfli işçi qrupunun yaradılmasının səbəbi də budur”, deyə Ermənistanın Baş naziri vurğulayıb.

Paşinyanın sözlərinə görə, Ermənistan, ABŞ və Azərbaycan noyabrın 7-də nəqliyyat və elektrik enerjisinin ötürülməsi istiqamətləri üzrə ilk iki texniki planlaşdırma qrupunun fəaliyyətə başlaması barədə razılığa gəliblər. Bu qrupların işi regional digər infrastrukturlarla əlaqələndirmə məsələlərini də əhatə edir.

Qeyd edək ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı Yohann Vadefulla birgə mətbuat konfransında TRIPP-in giriş və çıxış hissələrinin Azərbaycan ərazisində olduğunu, əsas texniki parametrlərin Bakı ilə razılaşdırılmasının vacibliyini vurğulayıb.