Onu marketdə sürüyən ərinin həbsini istəmədi - “Beş övladıma görə...”

Bu ilin sentyabr ayında Bakının Nəsimi rayonunda marketdə həyat yoldaşına zorakılıq edən şəxsin məhkəməsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə 1979-cu il təvəllüdlü Ramil Cəfərov Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə təqsirli bilinib.

Məlum olub ki, hadisə Mirəli Qaşqay küçəsində yerləşən supermarketdə baş verib.

Olayla bağlı görüntülərin ictimailəşməsindən sonr R.Cəfərov 15 sutkalıq inzibati həbs edilib, daha sonra barəsində polis tərəfindən cinayət işi başlanılıb.

Məhkəmədə ifadə verən R.Cəfərov özünü təqsirli bilməyib. O, arvadının laqeydliyinə görə həmin hərəkətləri etdiyini deyib:

“Hadisə günü marketdə olarkən terminal vasitəsilə pul köçürmək istəyirdim, lakin köçürmə əməliyyatının həyata keçirilməsi üçün tələb olunan kodu bilmədiyimdən həmin kodu öyrənmək üçün arvadım Səbinəyə (şərti adlı) səsləndim. O mənim sualıma laqeyd və səhlənkar münasibət göstərməklə cavab verdi. Bu səbəbdən əsəbiləşdim. Həmin vaxt arvadımın diqqətinin məndə olmadığını, meyvə satışı ilə məşğul olan şəxslə söhbət etdiyini gördüm. Mənə lazımi diqqət göstərməməsi və baş verənlərə münasibəti nəticəsində daha da əsəbiləşib özümü saxlaya bilmədim və hadisəni törətdim”.

Zərərçəkmiş qadın isə ifadəsində bildirib ki, Ramillə nikahdan 5 azyaşlı övladı var. Hadisə vaxtı onların övladları da marketdə olub və qadının döyülməsinə şahidlik ediblər:

“Ramililə uzun müddət normal ailə münasibətlərimiz olub. Lakin son zamanlar aramızda ailədaxili mübahisələr və söz-söhbətlər artıb. Həmin gün saat 11:40 radələrində həyat yoldaşımla birlikdə ev üçün alış-veriş etmək məqsədilə Nəsimi rayonu Mirəli Qaşqay küçəsi 36 ünvanında yerləşən marketə getmişdik. Marketə daxil olduqdan sonra giriş hissəsində yerləşən “Milliön” ödəmə terminalına yaxınlaşdıq. Ramil həmin terminal vasitəsilə işıq pulunu ödədiyi zaman mən də qəbzdə olan rəqəmləri ona bir-bir deyirdim. Həmin rəqəmləri səhv dediyimi iddia edərək mənə hirsləndi. Mən də əsəbiləşib kağızı onun üzərinə ataraq yanından uzaqlaşdım. Bundan sonra Ramil arxamca gəldi, saçımdan dartaraq yerə yıxdı və daha sonra saçımdan tutaraq yerdə sürüdü. Bu zaman başım müxtəlif yerlərə dəydi. Ramillə barışmamışam, lakin beş övladımın mənafeyini nəzərə alaraq, onun həbs edilməsini istəmirəm. Bu baxımdan ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsini xahiş edirəm”.

Məhkəmə Ramil Cəfərovu 221.1-ci maddə üzrə təqsirli bilib. Ona aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzası verilib.