İşə düzəltmək adı ilə vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sahil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub. Təqsirləndirilən şəxs 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, ötən iclasda prokuror Sahil Həsənovun 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, təqsirləndirilən şəxs müxtəlif işlərə düzəldəcəyi ilə bağlı yalan vəd verdiyi vətəndaşlardan pul alıb.
Sahil Həsənova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
İş üzrə 16 zərərçəkmiş var. Ümumilikdə dəymiş ziyan isə 300 min manatdan artıqdır.

































