Turistlərə qarşı qiymət oyunu: Ölkənin imicinə zərbə vurulur

Bakıda yerləşən restoranların birində əcnəbi turistə təqdim olunan hesab ətrafında narazılıq geniş müzakirələrə səbəb olub. Turistin iddiasına görə, sifariş zamanı adi menyuda göstərilən qiymətlər əsas götürülsə də, hesab təqdim edilərkən yeməklərin qiyməti iki dəfə baha hesablanıb. Məbləğin düzəldilməsi üçün dəfələrlə müraciət edilsə də, hesab sifariş etdikləri qiymətlərə uyğunlaşdırılmayıb.

İaşə obyektlərində menyuda göstərilən qiymətlərlə müştərilərə təqdim olunan hesab arasında fərqin yaranması istehlakçı hüquqları və qiymət şəffaflığı məsələsini yenidən gündəmə gətirir. Xüsusilə xarici turistlərlə bağlı bu cür iddialar ölkənin turizm imicinə təsiri baxımından da müzakirə mövzusudur.

İstehlakçılar belə vəziyyətlə qarşılaşdıqda hansı addımları atmalıdırlar?

Son vaxtlar turistlərin aldadılması daha tez-tez baş verir

Turizmçi Əziz Şiriyev turistlərin aldadılması ilə bağlı problemlərin uzun müddətdir mövcud olduğunu deyir: “Xüsusilə Qəbələ və Quba istiqamətlərində, Bakı və paytaxtətrafı ərazilərdə fəaliyyət göstərən məşhur restoranlarda, eləcə də nəqliyyat xidməti və yerli məhsulların satışı ilə məşğul olanlar arasında belə hallara rast gəlinir. Son vaxtlar bu cür hadisələr daha tez-tez baş verir. Bəlkə də bu səbəbdəndir ki, əvvəllər Azərbaycana üz tutan ərəb turistlər artıq Orta Asiya ölkələrinə gedirlər”.

Turizmçi hesab edir ki, bu cür hallar ictimai qınağa səbəb olmalı və qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir: “Biz millət olaraq qonaqpərvərik. Milli-mənəvi dəyərlərimiz var. Bu dəyərlərə söykənərək hər zaman turistlərə hörmətlə yanaşmalıyıq. Bu proseslərə müvafiq qurumlar - Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Hotel Assosiasiyası, Qida Təhlükəsizliyi Agentliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən nəzarət olunmalıdır”. Ə.Şiriyevin fikrincə, ölkədə turizm polisinin yaradılmasına da ehtiyac var: “Turist bilməlidir ki, ciddi problemlə qarşılaşarsa, müraciət edə və dəstək ala biləcəyi bir qurum mövcuddur. Turist özünü nə qədər güvənli və təhlükəsiz hiss edərsə, həmin ölkəyə yenidən qayıtmaq və ya oranı başqalarına tövsiyə etmək ehtimalı da bir o qədər artar”.

Biznes subyektlərinin sui-istifadəsi

Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, bəzi restoranlarda əcnəbi turistlərlə düzgün davranılmaması hallarına rast gəlinir: “Bəzi biznes subyektləri onlar üçün yaradılmış şəraitdən sui-istifadə edirlər. Turistlərin yaddaşında belə hadisələr uzun müddət qalır”. İB sədri bildirir ki, iaşə obyektlərində qida keyfiyyəti və qiymətlərlə bağlı şikayətlər daxil olduqda dərhal yoxlama aparılmalı və operativ müdaxilə edilməlidir: “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu məsələlərə daha çevik reaksiya verməlidir”.

“Belə hallar ölkənin turizm imicinə ciddi zərbə vurur”

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) sədrinin müşaviri Müzəffər Ağakərimov bu cür hadisələri pislədiklərini bildirir: “Belə hallar ölkənin turizm imicinə ciddi zərbə vurur. Təbii ki, bu cür hadisələr baş verdikdə turizm şirkətləri, ekskursiya bələdçiləri turistlərin daha həmin restorana getməsini tövsiyə etməyəcəklər. Digər tərəfdən, hər hansı vətəndaş və ya turist belə hallarla qarşılaşdıqda, yaxud yeməklərlə bağlı şikayəti olduqda aidiyyəti qurumlara müraciət etməlidir”.

M.Ağakərimov bildirir ki, ölkənin turizm qurumlarının əsas məqsədi daha çox turist cəlb etməkdir: “İaşə obyektlərinin rəhbərləri başa düşməlidir ki, məqsəd təkcə pul qazanmaq deyil, həm də ölkənin imicinə töhfə verməkdir. Biz də təşkilat olaraq öz fəaliyyətimiz çərçivəsində turizm şirkətlərinə bu istiqamətdə məlumat və tövsiyələrimizi veririk”.

Turistləri aldatmağa cəhd edən iaşə obyektlərinin sayı çoxdur

Hüquqşünas Arif Nəzərovun sözlərinə görə, belə hadisə ilə qarşılaşan şəxs Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etməlidir. Onun sözlərinə görə, hazırda bazarda turistləri aldatmağa cəhd edən iaşə obyektlərinin sayı çoxdur və onlara ayrı-ayrılıqda nəzarət etmək çətindir: “Buna görə də həm vətəndaşlar, həm də əcnəbi turistlər belə hallarla üzləşdikdə məsələni ictimailəşdirməli və aidiyyəti qurumlara müraciət etməlidirlər. Zərərçəkən turistlər və ya vətəndaşlar bu kimi hallarla bağlı turizm sahəsinə aid qurumlara da müraciət edə bilərlər”.

İstehlakçı hüquqlarının pozulması

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirildi ki, ictimai iaşə obyektlərində hesablaşmalar menyuda göstərilən qiymətlər əsasında aparılmalıdır: “Sifariş edilən məhsul və xidmətlərin dəyərindən artıq məbləğin tələb edilməsi istehlakçı hüquqlarının pozulması və hesablaşma zamanı istehlakçının aldadılması hesab olunur. Belə hallarla qarşılaşan müştərilər ilk növbədə obyektin rəhbərliyinə müraciət edərək hesabın düzgün hesablanmasını tələb edə bilərlər. Nəticə əldə olunmadıqda isə pozuntunu təsdiqləyən sübutlarla, o cümlədən qəbz və restoranın dəqiq ünvanı barədə məlumatla Agentliyə şikayət ünvanlamaq mümkündür”.

Agentlikdən qeyd olunub ki, sahibkarlıq sahəsində yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırıldığından, bu müddətdə yalnız qanunvericilikdə nəzərdə tutulan mühüm təhlükə halları ilə bağlı əsaslandırılmış müraciətlər əsasında yoxlama aparıla bilər: “İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən, istehlakçıların hesablaşma zamanı aldadılmasına görə fiziki şəxslər 350–500 manat, vəzifəli şəxslər 1500–2000 manat, hüquqi şəxslər isə 4000–6000 manat məbləğində cərimə edilə bilərlər”.

Mənbə: "Kaspi" qəzeti